3 fevral 2023-cü il tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı baş tutdu. Tədbirdə Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksəksəviyyəli nümayəndələri iştirak etdilər. Eyni zamanda iclaslarda müxtəlif ölkələrin enerji şirkətləri, həmçinin beynəlxalq və regional maliyyə təsisatları təmsil olundular.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev ötən il iyulun 18-də Bakıda “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu“nun əhəmiyyətini xüsusi vurğulayaraq bildirdi ki, o, əslində, gələcək planlarımız üçün aydın yol xəritəsidir: “Avropaya qaz ixracımızı 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırırıq və bu mümkündür, çünki bizim resurslarımız var. Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur“. Prezident həmçinin qeyd etdi ki, təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı yüz il kifayət edəcək.
Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəmiz təbii qazla yanaşı, “yaşıl enerji“ sahəsində də əsas tədarükçülərdən biri olacaq. Bu baxımdan Bakının evsahibliyi etdiyi “Yaşıl Enerji“ Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası xüsusilə önəm daşıyır. Artıq ölkəmiz neftlə, qazla yanaşı, dünya bazarına, Avropaya “yaşıl enerji“ ixracına da başlayır. “Cənub Qaz Dəhlizi“ Məşvərət Şurası çərçivəsindəki iclasda, birinci “Yaşıl Enerji“ Məşvərət Şurasının iclasında da məhz bu məsələ ətrafında geniş müzakirələr aparıldı.
İlham Əliyev tədbir iştirakçılarına Azərbaycanın bu istiqamətdə reallaşdırdığı layihələri təqdim edərək bildirdi ki, ölkəmizdə “Masdar“ və “ACWA Power“ kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanılacaq. Prezident eyni zamanda Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli barədə də məlumat verərək iş planının mərhələli və Avropanın şərtləri ilə əlaqəli şəkildə qurulmasının tələb olunduğunu bildirdi.
1 ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada enerji böhranının dərinləşdiyi bir zamana təsadüf edən bu tədbir genişmiqyaslı coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir edəcək. Beynəlxalq tədbir bir daha göstərdi ki, Azərbaycan Avropa qitəsi ölkələrinin milli təhlükəsizliyinin tərkib hissəsi olan enerji təhlükəsizliyinin təmin edilməsində vacib ölkədir. Azərbaycan mavi qaz tədarükçüsü kimi etibarlı tərəfdaş olmaqla yanaşı, enerji təchizatınının şaxələndirilməsi istiqamətində də səylərini davam etdirir. Bu, onu göstərir ki, Azərbaycan Avropaya qaz ixracını artırmaqla yanaşı, növbəti illərdə “yaşıl enerji“ təchizatında da təsirli rol oynayacaq. Beləliklə, Azərbaycan Aİ ölkələrinin energetika sahəsində strateji tərəfdaşına çevriləcək. Ölkəmiz ciddi enerji böhranı ilə üz-üzə qalan Avropa üçün xilaskara çevriləcək.
1 view
10
1
2 years ago 00:03:31 1
Avropanın enerji xilaskarına çevrilən Azərbaycan
6 years ago 00:03:23 1
“Namərdlər, bizim xalq niyə pis yaşamalıdır? Necə gəlmisiniz, elə də, gedəcəksiz...“