Rusiyanın Qarabağdakı gizli planı - BAKU TV
Rusiyanın Qarabağdakı gizli planı - BAKU TV
Aktual xəbərlərimiz
Bir əlində iki qarpız tutmağa çalışan erməni əsilli rusiyalı milyarder, çirkli pulların kassası Ruben Vardanyan Qarabağda qanunsuz fəaliyyətini genişləndirir. Bir müddətdir, Rusiya vətəndaşlığından imtina edərək Xankəndiyə köçən Vardanyan sülhməramlıların müvəqqəti nəzarətində olan əraziləri gəzərək, sanki separatçıların qoruyucu mələyi funksiyasını üzərinə götürdüyünü onlara bir daha xatırladıb. Ermənilərə ürək-dirək verərək bildirib ki, buraları sizlərdən başqa heç kim qoruya bilməz. Bəs bu “qoçaq oğlan”ın Qarabağa səfər etməkdə əsl niyyəti nədir?
Aylardır, davam edən Ukrayna-Rusiya müharibəsində dünyanın rəsmi Moskvanı sıxışdırdığı, bir çox rus milyarderə sanksiyalar tətbiq etdiyi artıq hər kəsə bəllidir. Elə həmin ərəfələrdə Vardanyan video çəkərək Rusiya vətəndaşlığından imtina etdiyini, 44 günlük müharibənin ağır nəticələrindən əziyyət çəkən xalqına maddi və mənəvi dəstək olmaq üçün Qarabağa köçəcəyini elan etdi. Bu addımı ilə də Amerika Birləşmiş Ştatları və Avropanın qara siyahısından çıxmağa müvəffəq oldu. Əlbəttə, hər şey bununla bitmir, Rusiyanın hazırkı hakim dairələrinə yaxınlığı ilə tanınan bu şəxsin adı bir vaxtlar “çirkli pulların yuyulması”, qanunsuz silah və narkotik alverində də hallanıb. Hətta torpaqlarımızın 30 illik işğalı dövründə yeraltı sərvətlərimizin yağmalanmasında da onun imzası var. İndi isə Qarabağa gələrək həm öz milyonlarını sığortalamaq, həm də bölgədə Rusiyanın təsir dairəsini saxlamaq üçün xüsusi canfəşanlıq göstərir.
Xankəndiyə gəldikdən sonra hər şeyin naziri olmaq istədiyini bildirən Vardanyanı Arayik Arutyunyan dövlət naziri postuna layiq görüb. Lakin onunla bağlı cızılmış plan daha böyükdür. Ehtimal olunur ki, Vardanyanın Qarabağa səfərinin məqsədi Rusiyanın üzünə ağ olan Paşinyanı devirərək onun yerinə keçməkdən ibarətdir. Nikolun indiyədək onunla görüşməməsi də bu ehtimalı körükləyir.
Erməni mediasının iddiasına görə, Paşinyan Qarabağdan imtina edib, Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır. Lakin Vardanyan ondan fərqli olaraq özünü “Qarabağ fədaisi” kimi göstərməklə insanların qəlibinə yol tapmağa çalışır.
Ekspertlər hesab edirlər ki, Rusiyanın planı olan Vardanyan Qarabağda hakimiyyətini möhkəmləndirərək Arutyunyanı postundan edəcək. Bunun ardınca isə erməni əhalinin Paşinyana qəzəbini bir qədər də artıracaq. Kartlar açıldıqca proses üzərindəki duman da çəkilir. Gedən proseslər Ermənistanda siyasi sabitliyin olmadığını və ölkədə vəziyyətin daha da gərginləşəcəyini deməyə əsas verir.
Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır.
Sosial şəbəkələrimiz
Rusiyanın Qarabağdakı planı
© 2022 © All Rights Reserved ℗ Baku TV
#rusiya #qarabag #plan